logo

İrandan Azərbaycana 7 kq-dan artıq narkotika keçirmək istədilər

11:12 23-04-2022 | icon 1680
İrandan Azərbaycana 7 kq-dan artıq narkotika keçirmək istədilər

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, aprelin 21-də saat 22:00 radələrində DSX Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində “Opel Astra” markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən bir bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılıb. Onların Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyənləşdirilib. R.Albabayev saxlanılarkən sərhədçilərə bıçaqla müqavimət göstərsə də, sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərk-silah etməyə nail olublar.

Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən avtomobilin sürücüsü həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyənləşdirilib.

Saxlanılmış şəxslərin üzərilərində aşkarlanmış bağlamaya baxış zamanı 7 kiloqram 755 qram narkotik vasitə götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.