logo

Təqaüdçülərin kartından pul oğurlayan şəxslər saxlanılıblar

11:33 18-04-2022 | icon 1624
Təqaüdçülərin kartından pul oğurlayan şəxslər saxlanılıblar

Paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manat məbləğində pulu ələ keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bu barədə kart sahibi Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona kömək etməsi üçün yaxınlıqda olan bir nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Eyni məzmunlu şikayətlə Nizami rayon sakini olan daha bir nəfər polisə müraciət edib. Həmin şəxs isə onun kartından 1000 manatın qeyd edilən üsulla oğurlandığını bildirib.

Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Mehdiyev və Nemət Cabbarov saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər. Araşdırma zamanı onların Ağcabədi rayonunda da eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün onlardan kömək istəyən daha bir neçə şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladıqları məlum olub.

Qeyd olunub ki, Namiq Mehdiyev və Nemət Cabbarov onlardan kömək istəyən ahıl yaşlı şəxslərin təqaüd kartlarından pul oğurlayıblar.

Faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in 102 - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.