logo

Türk dövlətləri dini liderlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək

21:51 15-04-2022 | icon 1701
Türk dövlətləri dini liderlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək

Sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs dinimiz İslamın məram və amallarını dünya çapında ali səviyyədə təmsil edən Türkiyə dövləti ənənəvi olaraq möhtəşəm tədbir və toplantılara ev sahibliyi edir. İstanbulda keçirilən bu tədbiri şübhəsiz ki, gələcək nəsillər tarixi əhəmiyyətli tədbir kimi dəyərləndirəcək, yüz milyonlarla türkün mənəvi birliyinin təşkilatlandığı gün kimi tarixdə qalacaq.

YeniAvropa xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 15-də İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısında çıxışı zamanı ifadə edib.

QMİ sədri xalqımızın və prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.

Türk dövlətlərinin dini liderlərinin ilk dəfə İstanbulda toplanaraq müasir problemləri birlikdə müzakirə etmək fürsətini yaratdığına görə Ali Erbaş və Bağdad Amreyevə bütün həmkarları adından minnətdarlığını ifadə edən QMİ sədri deyib: “Böhranlar və fəlakətlərlə səciyyələnən müasir dövrdə mənəvi birliyin önəmi danılmazdır. Bizim vəhdətimizi parçalamaq, dövlətlərimizi zəiflətmək məqsədini güdən bəzi qüvvə və dairələrin mənfur niyyətlərinin qarşısına sipər çəkməyin ən doğru yolu türk dövlətlərinin sarsılmaz birliyidir. Uca Allaha həmd olsun, qardaş dövlətlərimizin başçıları böyük müdriklik və siyasi uzaqgörənlik nümayiş etdirərək Türk Dövlətləri Təşkilatında bir araya gəldilər. Türk millətinin səadəti, türk toplumunun mənafeləri naminə türk dövlətlərinin siyasi birliyi türk dünyasının böyük zəfəri kimi dəyərləndirilə bilər. Bu birlik beynəlxalq aləmdə türk məfhumuna aid olan, Ana dili türk dili olan hər kəsin vəhdət məkanı və dayaq məqamıdır”.

Bildirilib ki, 2009-cu ildə dövlət başçılarımızın qədim Azərbaycan torpağı Naxçıvanda baş tutmuş I Zirvə görüşü ilə başlanan tarixi yol 2021-ci ildə İstanbuldakı VIII Sammitində öz tarixi zirvəsinə yüksəlib. Qardaş Türkmənistanın müşahidəçi qismində təşkilata qoşulması ilə Türk Dövlətləri Təşkilatı öz adına uyğun şəkildə formalaşma mərhələsində daha bir addım irəli atmış oldu. Bu gün beynəlxalq qurum olaraq inkişaf edən Türk Dövlətləri Təşkilatı tarixi qərarlar qəbul edərək, türk dünyasının 2040-cı il vizyonunu qurur, türk mədəniyyətinin ortaq dəyərlərinin dünya çapında daha fəal tanıdılması istiqamətində böyük işlər aparır. Bu baxımdan, belə səylərin daha səmərəli şəkildə həyata keçirilməsi yönündə çox önəmli vəzifə mənəvi birliyimizin qorunması və inkişaf etdirilməsindən ibarətdir. Türk-İslam birliyinin yenilməzliyi, özəl gücü bizim ümumi mənəvi dəyərlər xəzinəmiz olan müqəddəs dinimiz İslam, onun buyurduqlarıdır.

“Müasir dünyada baş verən dəhşətli hadisələr dini liderlərin birləşərək sülh naminə birgə mövqedən çıxış etməsini labüd edir. Bu baxımdan, dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün Türk-İslam fəlsəfəsinin və mədəniyyətinin potensialından istifadə etməklə onun dəyərlərini, o cümlədən, tolerantlıq və multikulturalizm ənənələrini yaymaq bizim mənəvi borcumuzdur”, - deyən QMİ sədri davam edib: “Qəlbən bir olan, Allahı, Quranı, qibləsi bir olan, eyni dildə danışan, ortaq mənəviyyata istinad edən qardaş xalqlarımızın dini-mənəvi müstəvidə birliyi beynəlxalq platformalarda yetkin, nüfuzlu qurum olaraq qəbul olunmağımızı təmin edəcəkdir, İnşallah! Qırx ildən artıq şeyxülislamlıq fəaliyyətimə istinadən bildirmək istəyirəm ki, türkdilli ölkələrin dini-mənəvi mühitinə xarici müdaxilələrin, yad və zərərli təbliğatların, bu ölkələrdə ayrı-seçkiliyə və ya vətəndaş qarşıdurmalarına səbəb ola biləcək hər hansı ideoloji təxribatların, o cümlədən məzhəb ayrı-seçkiliyi, təkfirçilik, dini və irqi dözümsüzlük ideyalarının və dindən siyasi məqsədlərlə sui-istifadə hallarının qarşısının alınmasında biz birgə səy göstərməliyik.

Buna görə də biz, Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdik və həmd olsun Allaha, qardaşlarımızdan gözlənilən və bizi ruhlandıran müsbət əks-səda gəldi. Məramımız Türk-İslam həmrəyliyi ideyalarını tərənnüm etmək, türk dünyasının tarixi, mənəvi və mədəni irsinin qorunub-saxlanması sahəsində Türk Dövlətləri Təşkilatının verdiyi qərarların həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir. Eyni zamanda, Türk-İslam mənəvi-mədəni xəzinəsinin “Dədə Qorqud”, “Manas” və digər bu kimi nadir nümunələrin, habelə Şeyx Nizami, İbn Sina, İmam Buxari və başqalarının irslərinin dünya mədəniyyətinə verdiyi töhfələri birgə təbliğ etmək bizim arzuladığımız məqamlardır”.

Şuranın Nizamnamə mətninin layihəsini hazırlayaraq müzakirəyə çıxarıb, təşkilati məsələlərin həlli üçün Türk Dövlətləri Təşkilatına müraciət etdiklərini bildirən Qafqazın şeyxi bu məramla növbəti toplantının cari il sentyabrın sonu - oktyabrın əvvəllərində Azərbaycanda keçirməyi təklif edib, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərini Bakıya dəvət etməkdən şərəf duyduğunu bildirib.

Qeyd edilib ki, bu ilin noyabrında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət başçılarının Zirvə toplantısında TDT-nin Baş katibi və Təşkilatın katibliyinin yardımı ilə görüşlərin nəticələri, eləcə də təkliflər barədə dövlət başçılarına məlumatları təqdim edərək, Şuranın yaradılması və onun Nizamnaməsinin qəbuluna nail olmaq mümkündür.

Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti sayəsində 30 illik işğala son qoyaraq öz ərazilərini azad etdi. İşğal dövründə Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin Türk-İslam mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti aparıb. Azərbaycanın Qarabağ torpaqlarında ümumislam əhəmiyyətli, türk mədəni-mənəvi irsinə aid abidələrə qarşı vandalizm aktları törədilib. Hazırda qalib Azərbaycan dövləti milli-mənəvi, Türk-İslam abidələrimizi bərpa edir, yenidənqurma işləri həyata keçirir. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə yerlə-yeksan edilmiş şəhər və kəndlərimiz yenidən inşa olunur, ən müasir infrastruktur layihələri həyata keçirilir. 2023-cü il Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Şuşada yerləşən Türk-İslam mədəniyyətinə məxsus tarixi abidələrin dünyada tanıdılmasına öz töhfəsini verəcək.

Dünyada cərəyan edən hadisələrin hər birimizin narahatlığına səbəb olduğunu deyən şeyxülislam Ukraynada yaşanan faciələri dünya nizamını pozan, bəşəri təhlükəsizliyə təhdid olan ağır hadisələr kimi qiymətləndirib. Bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türk dünyasının, İslam aləminin qabaqcıl ölkəsinin Ukraynada qarşıdurmanın dayandırılması, sülh danışıqlarının təşkili yönündə ali vasitəçilik rolu, ardıcıl diplomatik səyləri, Uca Allaha xoş gedən barışdırıcı rolu təqdirəlayiqdir.

Qeyd edilib ki, TDT-yə üzv ölkələrin dini liderləri öz dövlət başçılarının xalqlarımıza, dövlətimizə səadət, təhlükəsizlik və rifah bəxş edən, ortaq maraq və mənafelərimizi təmin edən, dünya miqyasında sülh, istiqrar və tərəqqi missiyasını həyata keçirən müdrik siyasətlərinə dəstək verməli, dini-mənəvi müstəvidə zəruri fəaliyyətləri həyata keçirməlidirlər. Bu, Uca Allah qarşısında müqəddəs borcumuz və xalqlarımız qarşısında mühüm vəzifəmizdir.

Başda Türkiyə prezidenti olmaqla, bütün qardaş türk dövlətlərinə və onların liderlərinə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə ölkəmizə verdikləri mənəvi dəstəyə, qardaş yardımına görə dərin minnətdarlığını ifadə edən QMİ sədri türk dövlətlərinin birliyinin təntənəsi kimi bu dəstək nümunəsinin ortaq tariximizin şərəf səhifəsinə həkk olunduğunu vurğulayıb, Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi sayılan Şuşa Bəyannaməsinin türk dünyasının qürur məqamı, Türk-İslam aləminin əzəmətinin bəyanı olduğunu deyib.

Xatırladaq ki, toplantıda Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyə Diyanət işləri rəhbəri Ali Erbaş, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Qazaxıstan Müsəlmanları İdarəsinin sədri müfti Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Nuriddin Xoliknəzərov və Qırğızıstan nümayəndəsi iştirak edirlər.