logo

Abşeronda ət kombinatından 80 ton ət oğurlandı

12:58 15-04-2022 | icon 1729
Abşeronda ət kombinatından 80 ton ət oğurlandı

Abşeron rayonunda yerləşən ət kombinatlarından birindən oğurluq edilib. Naməlum şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan çox ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları törədən Məhəmməd Yaşarlı, həmçinin onun başçılıq etdiyi dəstənin üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar.

Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub.

Məhəmməd Yaşarlı işdən çıxarılandan sonra orada çalışan tanışları Nicat Ələsgərov, Seyran Sarıyev, Cəlal Babayev və Hacı Məmmədovun köməyi ilə yenidən ət kombinatından oğurluq edilməsini təşkil edib. Bu qanunsuz əməldə Məhəmməd Yaşarlıya kömək edən həmin şəxslər oğurluq ət satılandan sonra əldə edilən puldan öz paylarını alıblar.

Məhəmməd Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə tanışları Sərxan Süleymanzadə və Orxan İbrahimovun köməyi ilə satıb.

Baş İdarə, Abşeron rayon Polis İdarəsinin və Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə ofislərdən birindən içərisində 10 min manat məbləğində pul, 1 ədəd müvafiq sənədləri olan “Vinçestr” markalı ov tüfəngi olan seyfi oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov və Abbasqulu Namazov saxlanılıblar.

Qeyd edək ki, saxlanılan şəxslər seyfi Mehdiabad qəsəbəsində sındıraraq pulu aralarında bölüblər. Oğurlanan ov silahı isə Ceyhun Əhmədovun yaşadığı evdən aşkarlanaraq götürülüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.