logo

IX siniflər üçün buraxılış imtahanı keçiriləcək

13:13 12-04-2022 | icon 5110
IX siniflər üçün buraxılış imtahanı keçiriləcək

Aprelin 23-də Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu, Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan, Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və Sumqayıt (II hissə) şəhərlərində, aprelin 24-də isə Bakı şəhərinin Xətai, Xəzər rayonlarında, Abşeron (II hissə), Füzuli, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Şəmkir, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Quba və Masallıda yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, “hissə”lərlə adlandırılıb. DİM-in saytında yerləşdirilmiş linkə daxil olaraq qeyd edilən tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.

Buraxılış imtahanı verəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” də çap edilir. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim olunmalıdır.

Şagirdlər iş nömrəsini DİM-in saytında yerləşdirilmiş müvafiq linkdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.