logo

DSX-nin xüsusi məktəbinə qəbul imtahanının nəticələri açıqlanıb

19:58 11-04-2022 | icon 5103
DSX-nin xüsusi məktəbinə qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 10-da keçirdiyi Dövlət Sərhəd Xidməti xüsusi məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.

YeniAvropa xəbər verir ki, imtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 916 nəfərdən 30 nəfər imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə qəbul olunacaqlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 14 aprel 2022‑ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 12‑14 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.