logo

 Avropa çempionatı: Rafiq Hüseynov üçüncü dəfə finala yüksəlib

22:42 02-04-2022 | icon 3367
 Avropa çempionatı: Rafiq Hüseynov üçüncü dəfə finala yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

 YeniAvropa xəbər verir ki, yarışın altıncı günündə - aprelin 2-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. M.Məmmədov dörddəbir finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Güləşçimiz yarımfinalda türkiyəli Kerem Kamala uduzub – 0:8. Həmyerlimiz bürünc medal uğrunda güləşəcək. Rəqib Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.

Millimizin üzvü Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. H.Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernatek 5:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz finalın bir addımlığında türkiyəli Murat Firara 0:2 hesabı ilə məğlub olub. H.Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.

Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Ü.Qənizadə dörddəbir finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabı ilə geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. İdmançımız yarımfinalda gürcü Şmaqi Bolkvadzey ilə qarşılaşıb və rəqib 4:1 hesabı ilə qalib gəlib. Güləşçimiz bürünc medal görüşünə çıxacaq. Rəqib Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.

Rafiq Hüseynovun (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. R.Hüaeynov final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadze ilə üz-üzə gələcək.

Murat Lokyayev (97 kq) səkkizdəbir finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7. Ancaq rəqib finala yüksəldiyi üçün millimiz üzvü üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. M.Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) isə ikiqat Avropa çempionu olub.

Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.