logo

Avropa çempionatı:Erməni rəqiblərini məğlub edən 2 güləşçimiz finala yüksəlib

21:51 01-04-2022 | icon 2086
Avropa çempionatı:Erməni rəqiblərini məğlub edən 2 güləşçimiz finala yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, yarışın beşinci günündə - aprelin 1-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) yarışa dörddəbir finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Eldəniz yarımfinalda erməni Rudik Mkrtçyana da gücünü göstərib. Rəqibini 7:3 hesabı ilə xalçadan məyus yola salan təcrübəli pəhləvanımız dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) yarışa dörddəbir finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub - 5:1. Taleh yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin keçən görüşün ikinci hissəsində uğurlu "çevirmə" fəndi T.Məmmədova qələbə qazandırıb - 3:1. Beləliklə, Taleh də ikinci dəfə Avropa çempionatının finalında güləşmək hüququ qazanıb. Həmyerlimizin finaldakı rəqibi gürcüstanlı Leri Abuladze olacaq.

Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda rumıniyalı İlye Koyokariyə heç bir şans tanımayıb - 9:0. Süleymanov növbəti mərhələdə ermənistanlı dünya çempionu Malxas Amoyanla gərgin keçən görüşdə minimal fərqlə (6:5) uduzub. Rəqib finala yüksəldiyi üçün idmançımız aprelin 2-də təsəlliverici görüşə çıxacaq. Rəqib Mantas Sinkeviçyus (Litva) - Denis Xorvat (Slovakiya) görüşünün qalibi olacaq.

İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz dörddəbir finalda serbiyalı dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurabi Datunaşviliylə gərgin keçən mübarizədən 5:3 hesablı qələbə ilə ayrılaraq adını yarımfinala yazdırıb. İslam final yolunda rumıniyalı Niku Samuel Oyoqla güləşib. İlk hissənin əvvəllərində əks-fənddə yaxalanan İ.Abbasov məğlubiyyətdən qaça bilməyib. Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbə ilə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixaylo Vişnivetskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. Kandelaki dörddəbir finalda erməni David Ovasapyan 5:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Beka finalın bir addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, üçqat olimpiya medalçısı Rza Kayaalpla (Türkiyə) qarşılaşıb. Tərəflər görüş ərzində yalnız hərəyə 1 cərimə xalı qazanıb. Sonuncu xalı rəqib əldə etdiyi üçün təmsilçimiz bürünc medal üçün güləşəcək.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları aprelin 2-də keçiriləcək.