logo

Buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb

17:27 01-04-2022 | icon 5789
Buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 5-6-da keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 11-dən tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər aprelin 4-6-da DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadıqda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi, ümumiyyətlə, tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.