logo

2 qadın güləşçimiz Avropa çempionatında III yer üçün yarışacaq

21:12 30-03-2022 | icon 1771
2 qadın güləşçimiz Avropa çempionatında III yer üçün yarışacaq

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

YeniAvropa  Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, üçüncü yarış günündə - martın 30-da qadın güləşi üzrə mübarizəyə start verilib.

Milli komandamızın üzvü Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb - 3:2. Təmsilçimiz dörddəbir finalda Avropa çempionu Miqlena Selişkayla üz-üzə gəlib. Bu qarşılaşmada Bolqarıstan idmançısına məğlub olan T.Nəsirova üçüncü yer uğrunda görüşdə polşalı Anna Lukasyakla güləşəcək.

Çempionatda 59 kiloqram çəki dərəcəsində iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçimiz Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə "tuşe" ilə qələbə qazanıb. A.Kolesnik qrupda növbəti və sonuncu görüşündə almaniyalı Elena Brüggerə də "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Finalın 1 addımlığında polşalı Yovita Vrjesyenə 1:3 hesabı ilə məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşdə yenidən E.Brüggerlə mübarizə aparacaq.

Qeyd edək ki, medal görüşləri martın 31-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.