logo

Dörd güləşçimiz Avropa çempionatının finalına yüksəlib

20:22 28-03-2022 | icon 2016
Dörd güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Martın 28-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.

YeniAvropa xəbər verir ki, qitə birinciliyində əvvəlcə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Güləşçimiz Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə 7:0 hesabı ilə qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib - 9:6. Ə.Rzazadə yarımfinalda gürcüstanlı Beka Bujiaşviliylə qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən həmyerlimiz rəqibinə göz açmağa imkan verməyib. Elə ilk hissədə tam üstünlüklə (10:0) qələbə qazanan Ə.Rzazadə debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşacaq.

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Millimizin lideri bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. Rəqib əvvəlcə 2 xal qazansa da, təcrübəli pəhləvanımızın geridönüşü möhtəşəm alınıb. H.Əliyev rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradaraq (12:2) dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Onun titul yolunda son rəqibi yerli publikanın sevimlisi İsmayıl Musikayev (Macarıstan) olacaq.

Zirəddin Bayramov (70 kq) səkkizdəbir finalda macar Daniel Antaldan güclü olub - 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb - 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcüstanlı Zurabi Yakobişvili ilə güləşib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Z.Bayramov son saniyələrdə qələbəni əldən verib - 3:4. Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz dörddəbir finalda ermənistanlı Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Ə.Aşırovun növbəti rəqibi gürcü Vladimeri Qamkrelidze olub. Görüşə Gürcüstan təmsilçisi daha yaxşı başlayıb və 4 xalla irəli çıxıb. Ancaq əsl əzmkarlıq nümayiş etdirən Ə.Aşırov təşəbbüsə yiyələnərək qazandığı ardıcıl xallarla hesabı lehinə dəyişib. Sonadək üstünlüyü əldən verməyən güləşçimiz finala vəsiqə qazanıb. Həmyerlimiz qızıl medal uğrunda görüşdə yunanıstanlı Georgios Kuqiumtsidislə güləşəcək.

Maqomedxan Maqomedov (97 kq) Avropa çempionatına litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbə ilə (12:2) start verib. Təmsilçimiz dörddəbir finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib - 14:7. M.Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovskiylə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 6:4 hesabıyla məğlub edən təmsilçimiz Avropa çempionatının finalına yüksələn dördüncü güləşçimiz olub. Millimizin üzvü finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.

Qeyd edək ki, final görüşləri martın 29-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.