logo

Voleybol millilərimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli oldu

14:44 12-03-2022 | icon 3108
Voleybol millilərimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli oldu

Kişi və qadın voleybolçular arasında "Avro-2023"ün seçmə mərhələsinin qrupları müəyyənləşib. Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millilərinin də rəqibləri bəlli olub.

YeniAvropa  xəbər verir ki, kişilərdən ibarət yığmamız A qrupunda mübarizə aparacaq. Onların rəqibləri Türkiyə və Danimarka milliləri olacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Qadınlardan ibarət yığmamız isə "Avro-2023"ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Kişi və qadın voleybolçular arasında Avropa çempionatının həlledici mərhələsini keçirəcək ölkələr hələlik açıqlanmayıb.

Qeyd edək ki, qitə çempionatının seçmə mərhələsinin görüşləri avqust – sentyabrda olacaq.