logo

Azərbaycan-OPEC əməkdaşlığı müzakirə edilib

21:13 20-01-2022 | icon 2366
Azərbaycan-OPEC əməkdaşlığı müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində yanvarın 20-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş çərçivəsində Baş katib Azərbaycanla əməkdaşlıqdan məmnunluqla bəhs edərək, 2016-cı ildə dünya neft bazarının sabitləşdirilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin və təşkilata üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən ilk lider olduğunu xatırladıb. Bu təşəbbüsün OPEC-ə üzv və qeyri-üzv ölkələrdə geniş müzakirələrə səbəb olduğunu və məhz Azərbaycan prezidentinin dəstəyi ilə qısa zaman ərzində 2016-ci ilin dekabr ayında "OPEC+" formatının yaradıldığını qeyd edib. Baş katib "OPEC+" formatında birgə fəaliyyətin dünya neft bazarında qiymətlərin sabitləşməsinə töhfə verdiyini söyləyib.

Nazir Ceyhun Bayramov "OPEC+" formatında uğurlu əlaqələrimizdən danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib. O, Baş katib Məhəmməd Barkindonun rəhbərliyi ilə "OPEC+" formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.