logo

Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb

20:50 19-01-2022 | icon 1582
Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb

Yanvar 19-da xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi xanım Helqa Şmit ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Baş katib Helqa Şmit Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi münasibətilə təbrik edib. O, sədrlik prioritetlərinin müfəssəl və tarazlı olduğunu qeyd edib. Hazırda ATƏT məkanında təhlükəsizlik məsələlərinin həllində TƏF-in rolunun böyük olduğunu bildirən Baş katib, Azərbaycanın cari sədrliyinin problemlərin həllinə yardımçı olacağına ümid ifadə edib.

Azərbaycanın sədrlik prioritetlərinin ATƏT tərəfindən dəstəklənildiyi vurğulanıb. ATƏT Katibliyinin bu prioritetlərin icrasında Azərbaycan sədrliyi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğu ifadə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, təşkilat ilə layihə əsaslı əməkdaşlığın həyata keçirilməsinin mühüm olduğunu qeyd edərək, bununla əlaqədar nəqliyyat bağlılığının inkişafı, yaşıl enerjinin təşviqi, ətraf mühit məsələlərində ATƏT ilə mövcud layihələrə məmnunluqla istinad edib.

Nazir, eyni zamanda, cari post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in layihə əsaslı iştirakında maraqlı olduğumuzu ifadə edib.

Nazir, ATƏT-in Baş katibinə hazırda bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı addımlar barəsində məlumat verib.

Tərəflər, Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.