logo

Türkiyə regionda sabitliyi qorumaq üçün əlimizdən gələni edir-Səfir

16:51 15-01-2022 | icon 2065
Türkiyə regionda sabitliyi qorumaq üçün əlimizdən gələni edir-Səfir

Biz diplomatik münasibətlərimizin otuzuncu ilini qeyd edirik. Ötən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan yenidən müstəqilliyini qazandı və xarici əlaqələr qurmağa başladı. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə Respublikası oldu və bununla da qardaşlığını bir daha sübut etdi.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi ilə bağlı keçirilən fotosərgidə söyləyib.

Müdafiə, təhsil, mədəniyyət və digər sahələrdə münasibətlərin uğurlu inkişafı üçün iki qardaş ölkə arasında bir çox sənədlərin imzalandığını qeyd edən türkiyəli səfir deyib: “Vaxtilə ümummilli lider Heydər Əliyev Azərbaycanın Xəzər dənizindən əldə etdiyi qaz və nefti qardaş Türkiyəyə, buradan da Avropaya nəql etməyə qərar verib. Bu, bizim üçün ayrılmaz, möhkəm münasibətləri daha da inkişaf etdirib, eyni zamanda, iqtisadiyyatlarımıza da töhfə verib. Diplomatik münasibətlərimiz müttəfiqlik səviyyəsinə qədər yüksəlib və Şuşa Bəyannaməsi bunun sübutudur. Bu Bəyannamə bizim münasibətlərimiz üçün dərin məna kəsb edir. Məqsədimiz bir-birimizin müstəqilliyini, ərazi bütövlüyünü qorumaqdır. Bu, eyni zamanda, münasibətlərimizin hər bir sahədə inkişafı deməkdir.

Bu gün Azərbaycan enerji resurslarını Türkiyə vasitəsilə Avropaya nəql edir. “Star” Neft Emalı Zavodunun yaradılması ilə Türkiyəyə bu günə qədər investisiya qoymuş ən böyük ölkə Azərbaycan oldu. Regionda Qarabağ Zəfəri ilə artıq yeni reallıqlar yaranıb. Biz sülh və sabitliyi qorumaq üçün əlimizdən gələni edirik”.