logo

 “Mercedes” Quba-Xınalıq yolunda 40 metrlik dərəyə aşdı

19:43 16-06-2018 | icon 3521
 “Mercedes” Quba-Xınalıq yolunda 40 metrlik dərəyə aşdı

İyunun 16-da Quba-İspik-Xınalıq yolunda dağlardan gələn sel suları nəticəsində “Mercedes” markalı avtomobil dərəyə aşıb. 

YeniAvropa xəbər verir  ki, hadisə zamanı avtomobildə olan iki nəfər Bakı sakini maşını vaxtında tərk edə bilib və xəsarət almayıblar. Hadisə günorta saatlarında Quba-İspik-Xınalıq yolunun 55-ci kilometrliyində baş verib.

Xınalıq sakini Rüstəm Məlikovun sözlərinə görə  qısa müddətli güclü leysan yağışı səbəbindən dağlardan gələn sel suları yolu basıb. Həmin vaxt yolda hərəkətdə olan “Mercedes” markalı avtomobil suyun içərisində qalıb. Avtomobildəki şəxslər yaxınlıqdakı insanların köməyi ilə selin ağuşundan xilas edilib. Getdikcə güclənən sel maşını dərənin 30-40 metrliyinə aşırıb.

Təxminən bir saat sonra sel suları səngiyib və yolda avtomobillərin hərəkəti bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur. Amma Xınalıq kəndinə gələn turistlər belə hava şəraitini mütləq nəzərə almalı və münasib avtomobillərlə hərəkət etməlidirlər.