logo

Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

20:17 14-06-2018 | icon 3822
Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

İyunun 14-də yeni inşa edilmiş Respublika Narkoloji Mərkəzi  istifadəyə verilib. YeniAvropa xəbər verir  ki,  bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, 300 çarpayılıq dördkorpuslu müəssisə Bakının Sabunçu rayonunda yerləşir.

Respublika Narkoloji Mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb və bu ilin iyununda başa çatdırılıb. 1,9 hektar ərazidə inşa olunan Mərkəz ən yüksək standartlara cavab verən tibbi avadanlıq və lazımi dərman preparatları ilə tam təmin və təchiz edilib.İxtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərəcək Respublika Narkoloji Mərkəzi müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisədir.

Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir və 18 yaşından yuxarı ehtiyacı olan hər bir şəxs yüksək səviyyədə müalicə ala biləcək.

Binanın birinci korpusunda konsultativ poliklinika, stomatologiya, kardiologiya, şüa-diaqnostika, qəbul şöbəsi, inzibati şöbə, əvəzedici müalicə şöbəsi, rentgen, EEG və sair həyati əhəmiyyətli şöbələr qabaqcıl texnologiya və avadanlıqlarla təmin olunaraq fəaliyyət göstərəcək.

Yeni binada bir sıra tədbirlərin təşkili üçün 100 yerlik akt zalı, geniş və işıqlı mətbəx, dizel generator stansiyası, istirahət guşəsi, mərkəzləşdirilmiş qazanxana da müalicə işinin effektiv olmasına daha da əlverişli şərait yaradacaq.

Mərkəzin ikinci korpusunda reabilitasiya, intensiv terapiya və qadın stasionar şöbəsi fəaliyyət göstərir. Ümumilikdə müəssisədə dördü kişi, biri qadınlar üçün nəzərdə tutulan ümumi beş stasionar şöbə mövcuddur.

Xəstələrə psixoloji yardımın həyata keçirilməsi məqsədilə psixoterapiya kabineti də yaradılıb. Burada müalicənin effektivliyinin artırılması üçün müalicə alan şəxslərlə psixoloq və həkim-psixoterapevt tərəfindən fərdi və qrup şəklində söhbətlər aparılacaq.

Respublika Narkoloji Mərkəzi narkoloji xidmət sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində müvafiq işlər görür.