logo

Nazir:“Məktəblərdə pul yığımları cəmiyyətin xroniki problemidir”

11:33 21-12-2021 | icon 9982
Nazir:“Məktəblərdə pul yığımları cəmiyyətin xroniki problemidir”

Azərbaycan məktəblərində pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir.

 YeniAvropa xəbər verir ki, bu fikri  təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə səsləndirib.

"Mən oxuduğum müddətdə də belə problem var idi. Valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər. Bu bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Şəffaf sistem fikirləşməliyik ki, valideyn əlində olan artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləmək imkanı yaratmalıyıq. Əgər h hansı pul yığımı olarsa bu, qayda çərçivəsində məcburi yox könüllü şəkildə olmalıdır".

Əmrullayev qeyd edib ki, Valideyn-Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: "Həmin qurum ictimai əsaslarla fəaliyyət göstərir".

Məktəbəqədər təhsil haqqında danışan nazir bildirib ki, hazırda ölkədə 1 825 uşaq bağçası var, onlardan 1 692 dövlət müəssisəsidir. Bu bağçalarda 126 mindən çox uşaq tərbiyə alır. 133 özəl bağça var, orada 5 124 uşaq tərbiyə alır. İlin əvvəli üçün bağçalarda 17 218 nəfər işçi olub.

"Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb", - nazir belə deyib.

E. Əmrullayev bildirib ki, məktəbəqədər təhsil müəssisələrində vahid məlumat bazası mövcud deyildi: "Vakant yerlərin formalaşması, uşaq və müəllimlərlə, direktorların işə qəbulunda rəqabətliliyə diqqət etməliyik. Daha çox özəl sektorun sayının artırılması, alternativ təhsil müəssisələri ilə bağlı addımlar atılmalıdır".

Emin Əmrullayev regional təhsil idarələrinin yaradılması ilə bağlı da danışıb. Bildirib ki, regional təhsil idarələri iqtisadi rayonlar üzrə yaradılacaq. Bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir. Sadəcə, onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək.

"Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya regional təhsil idarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir", - nazir qeyd edib.

Əmrullayevin dediyinə görə, regional təhsil idarələrinə inam artdıqca, vətəndaş məmnunluğu yüksəldikcə gələcəkdə bir sıra səlahiyyətlərin onlara verilməsinin tərəfdarıdılar. Idarələrin növbəti həftələrdə, yaxud aylarda yaradılması planlaşdırılır: "Qarabağ və Şərqi Zəngəzurda təhsil idarələrin yaradılması şanlı zəfərin bariz nümunəsidir".