logo

Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

14:34 01-12-2021 | icon 1505
Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Abşeron rayonunun Qobu qəsəbəsində taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə müraciət edən zərərçəkən sürücü bir sərnişinin avtomobilə əyləşərək onu həmin yaşayış massivinə aparmasını xahiş etməsi barədə məlumat verib. Qeyd edib ki, ünvana çatanda müştəri onun 360 manat məbləğində pulunu götürərək hadisə yerindən uzaqlaşıb.

Məlumatla əlaqədar Qobu polis bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Abşeron rayon sakini İxtiyar Salahlı həyata keçirilən əməliyyat zamanı saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib. Saxlanılan şəxs narkotik vasitələrin aludəçisi olduğunu və narkotik vasitə əldə etmək üçün bu hadisəni törətdiyini bildirib.

Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərilib. Onun Abşeron rayonunda, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. İxtiyar Salahlının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron rayon Polis İdarəsinə, Qobu polis bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin 102 Xidməti - Zəng Mərkəzə və nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər.