logo

Müğənni Rihanna Milli Qəhrəman oldu

13:11 30-11-2021 | icon 124481
Müğənni Rihanna Milli Qəhrəman oldu

Barbados əsilli müğənni Robin Rihanna Fenti Karib hövzəsi ölkəsinin Milli Qəhrəmanı adına layiq görülüb.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Barbadosun baş naziri Mia Mottli məlumat verib.

“Millətin və qürurlu xalqın adından sizi Barbadosun Milli Qəhrəmanı elan edirik. Almaz kimi parlamağa və ölkənin fəxri olmağa davam edin”, - deyə Mia Mottli respublika günü münasibətilə təşkil olunan təntənəli mərasimində iştirak edən müğənniyə müraciətində bildirib.

Onun sözlərinə görə, Robin Rihanna yaradıcılığı, intizamı və hər şeydən öncə vətəninə qeyri-adi bağlılığı ilə respublikanın rifahı üçün nümunəvi xidmət göstərib.

Qeyd edək ki, 1988-ci ildə Barbadosda doğulan Rihanna müğənnilik karyerasını davam etdirmək üçün 16 yaşında ABŞ-a köçüb. Doqquz dəfə “Grammy” mükafatına sahib olan müğənni dünyada albomu ən çox satılan sənətçilərdən biridir. O, 2018-ci ildə Barbadosun ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.