logo

Bakıda 28-ci dünya yaş qrupları yarışlarının bağlanış mərasimi olub

21:11 28-11-2021 | icon 3101
Bakıda 28-ci dünya yaş qrupları yarışlarının bağlanış mərasimi olub

Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarının bağlanış mərasimi olub.

YeniAvropa xəbər verir ki,  bu gün Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin birinci vitse-prezidenti Migel Visente Marino yüksək təşkilatçılığa görə, ali qurum adından minnətdarlığını bildirib.

Qeyd edib ki, son iki həftədə Bakı batut gimnastlarını bir araya topladı. Yarışda yetərinci güclü idmançılar çıxış etdilər. Onlar artıq gələcəkdə keçiriləcək Olimpiya Oyunları barədə düşünürlər. Hazırki Olimpiya çempionları məhz dünya yaş qrupları yarışlarında çıxış ediblər.

Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şəraitin yaradıldığını deyən vitse-prezident vurğulayıb ki, bu yarışın təşkili batut gimnastikasının inkişafına töhfə verəcək.

Sonda Migel Visente Marino yarışı bağlı elan edib.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparıb.

Milli Gimnastika Arenasında 4 gün davam edən yarışda ölkəmizi 15 gimnast təmsil edib. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış ediblər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparıblar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşib.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutub. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edib.