logo

İstanbul şəhərinin baş prokuroru Füzuli və  Şuşaya səfər edib

10:30 25-11-2021 | icon 1736
İstanbul şəhərinin baş prokuroru Füzuli və  Şuşaya səfər edib

Türkiyə Respublikası İstanbul şəhərinin baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri davam edir.

YeniAvropa xəbər verir ki, ötən gün baş prokuror Kamran Əliyev və qonaqlar Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.

Səfərin iştirakçıları Ermənistanın 27 il ərzində Füzuli rayonunda törətdiyi müharibə cinayətlərinin ağır fəsadları, vəhşilik və vandalizm əməllərinin ağır izləri ilə yerində tanış olub.

Kamran Əliyev vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqlarını, salamat tikili saxlamadıqlarını qonaqların diqqətinə çatdırıb.

Daha sonra nümayəndə heyəti Qarabağın “hava qapısı” adlandırılan, müasir səviyyədə inşa olunmuş, ən son texniki avadanlıqla təchiz edilmiş Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub. Qonaqlara hava limanında yaradılmış şərait barədə ətraflı məlumat verilib.

Sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərinə səfər edib.

Baş prokuror Kamran Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Şuşanın Ermənistanın işğalından azad edildiyini vurğulayıb, qonaqlara dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, qısa zaman kəsiyində Şuşa şəhəri ərazisində bir neçə müasir otel inşa edilməklə yanaşı, tarixi, dini abidələrin bərpası istiqamətində işlər görülür. Tikintisində türk şirkətlərinin də iştirak etdiyi Zəfər yolunun strateji əhəmiyyətindən söz açan Baş prokuror Cıdır düzünün xalqımızın qürur mənbəyinə çevrildiyini qonaqların diqqətinə çatdırıb.

Türkiyəli qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

Şuşada qonaqlar Qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Azərbaycanın dahi şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar. 

Sonra tarixi Şuşanın mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid - Yuxarı Gövhərağa məscidi ziyarət edilib. Bildirilib ki, 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminə məruz qalıb.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş xalq artisti Bülbülün ev-muzeyini ziyafət edən qonaqlara məlumat verilərkən bildirilib ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Cıdır düzündən açılan gözəl mənzərəni seyr edən qonaqlara məlumat verilib ki, bura daim Şuşa sakinlərinin, eləcə də qonaqların istirahət yeri olub. Lakin erməni işğalı nəticəsində buraya ziyarətçilərin gəlişi dayanıb.

İstanbul şəhərinin baş prokuroru Şaban Yılmaz səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu günlər Azərbaycan xalqı üçün tarixi bir gündür. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan dövlətinin şanlı Qələbəsi ilə son qoyuldu. Bu, tarixi Qələbədir. Azərbaycanın son 200 illik tarixində ilk dəfə müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı qələbə qazandı. Bu Qələbə Azərbaycan xalqının gələcəyi üçün elə bir əsas yaratdı ki, bu təməl üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. Bu gün qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsini bütün dünya türkləri tərəfindən təntənə ilə qeyd olunur”.