logo

Sabahdan ibtidai siniflər üzrə payız tətili başlayır

09:58 18-11-2021 | icon 7259
Sabahdan ibtidai siniflər üzrə payız tətili başlayır

Sabah ibtidai siniflərin 2021-2022-ci tədris ili üzrə payız tətili başlayır.Payız tətili noyabrın 22-dək davam edəcək.

 YeniAvropa xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” qərarında öz əksini tapıb.

Qərara əsasən, 2021-2022-ci tədris ilində ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində dərslər oktyabrın 1-dən, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə sentyabrın 22-dən, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə isə sentyabrın 29-dan başlayıb.

Tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilir. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləridir.

Xatırladaq ki, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmrinin 7 nömrəli əlavəsində məktəblilərin payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunmuşdu.

Qeyd edək ki, 2021-ci il noyabrın 20-si həftənin şənbə gününə, 2022-ci il yanvarın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir.