logo

Tovuz Peşə Liseyinin direktoru həbs edilib

14:22 12-11-2021 | icon 5964
Tovuz Peşə Liseyinin direktoru həbs edilib

Tovuz Peşə Liseyinin direktoru Tanrıverdi Tanrıverdiyevin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, istintaqla T.Tanrıverdiyevin həmin vəzifədə işləyərkən liseyin müəllimlərinin 2017-2021-ci illərdə faktiki olaraq tədris etmədikləri halda rəsmi sənədləri saxtalaşdırıb həmin şəxslərə əlavə dərs saatının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 69 min 400 manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, bir nəfəri həmin liseyə işə qəbul etmək üçün 2500 manat məbləğində rüşvət almasına, habelə işə laqeyd münasibəti nəticəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş daxili qaydaların pozulması ilə dövlətin qanunla qorunan mənafelərinə 122 min 500 manat məbləğində zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında T.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.1-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan olunub. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dəymiş ziyan istintaq zamanı qismən ödənilib və əmlak üzərinə həbs qoyulub.