logo

Ərdoğan "G20" sammitinə canlı, Putin isə videoformatda qatılacaq

17:33 27-10-2021 | icon 2275
Ərdoğan "G20" sammitinə canlı, Putin isə videoformatda qatılacaq

İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində oktyabrın 30-31-də Romada "G20" liderlərinin sammiti keçiriləcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, pandemiya səbəbindən 2 illik fasilədən sonra ilk dəfə liderlərin üz-üzə müzakirələr aparacağı sammitdə çoxtərəflilik, bərabərlik və səhiyyə xidmətlərinə əlçatanlıq, gələcək şoklara qarşı dayanıqlılığın artırılması və ümumi rifahı dəstəkləmək üçün epidemiya ilə mübarizə tədbirləri kimi mövzuların nəzərdən keçirilməsi gözlənilir. "G20" liderləri birinci sessiyada “Dünya iqtisadiyyatı və qlobal səhiyyə” mövzusunu müzakirə edəcəklər. Sammitdə “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” adlı sessiyalar da liderləri bir araya gətirəcək.

Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın baş naziri Boris Conson, ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron iştirak edəcək. Bu toplantıda Almaniya kansleri Angela Merkel ölkəsini sonuncu dəfə təmsil edəcək.

Rusiya prezidenti Vladimir Putinin, Yaponiyanın baş naziri Fumio Kişidanın, Meksika prezidenti Andres Manuel Lopez Obradorun və Çin sədri Si Cinpinin sammitə videokonfrans vasitəsilə qoşulacağı gözlənilir.

Toplantıda, həmçinin Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Ticarət Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, ötən il dekabrın 1-də "G20"yə sədrlik Səudiyyə Ərəbistanından İtaliyaya keçib. Bu sammitdən sonra İtaliyanın "G20"yə sədrliyi başa çatacaq və sədrlik İndoneziyaya ötürüləcək. İtaliya "G20"yə sədrliyi dövründə ümumilikdə 175 tədbir təşkil edib, onlardan 20-si nazirlər səviyyəsində olub. İtaliya, həmçinin mayın 21-də Qlobal Səhiyyə Sammitini, oktyabrın 12-də isə Əfqanıstanla bağlı liderlər səviyyəsində videokonfrans vasitəsilə fövqəladə sammit təşkil edib.

Qeyd edək ki, “Böyük iyirmilik” ölkələri dünya iqtisadiyyatının 80 faizini, qlobal ticarətin 75 faizini və dünya əhalisinin 60 faizini əhatə edir. G20 müxtəlif qitələrdən inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir.

“Böyük iyirmilik” 1999-cu ildə maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin məsləhətləşmələri üçün yaradılıb, 2008-ci ildən bəri isə dövlət və hökumət başçılarını bir araya gətirir. Liderlərin ilk sammiti 2008-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.