logo

Bakıda İnvestisiya və Mədəniyyət Sammiti keçirilir

10:09 27-10-2021 | icon 1820
Bakıda İnvestisiya və Mədəniyyət Sammiti keçirilir

Oktyabrın 27-də Bakıda İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, 3 gün davam edəcək sammitin məqsədi gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti yaratmaqdır. Sammit çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı təşkil ediləcək, 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və sair sahələri əhatə edəcək.

Sammitdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edir. Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, mədəni və digər tədbirlər nəzərdə tutulur.