logo

Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan səfiri ilə görüşüb

19:35 20-10-2021 | icon 1673
Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan səfiri ilə görüşüb

Oktyabrın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, səfiri səmimi salamlayan şeyxülislam Allahşükür Paşazadə dost, qardaş ölkə olan Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Bu əsnada, QMİ sədri Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti əsasında Qazaxıstan Respublikasına oktyabrın 5-7-də baş tutmuş səfəri barədə xoş təəssüratlarını bölüşüb. Qazaxıstan Respublikasının birinci prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüskarı olduğu, 18 illik tarixə malik Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin üzvü olduğunu xatırladan şeyxülislam A.Paşazadə bu qlobal forumda ardıcıl iştirakını qeyd edib.

Nur-Sultan şəhərində Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin XIX sessiyası çərçivəsində dünyanın tanınmış dini və ictimai xadimləri ilə görüşlərinin əhəmiyyətli olduğunu qeyd edən şeyxülislam A.Paşazadə Qazaxıstan paytaxtına səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşlərini məhsuldar və yaddaqalan kimi dəyərləndirdi. QMİ sədri Qazaxıstan Senatının sədri Maulen Aşimbayev, Dövlət Katibi Krımbek Kuşerbayev, informasiya və ictimai inkişaf naziri Aida Balayeva, Nur-Sultan şəhərinin hakimi Altay Kulqinov və digər dövlət rəsmiləri ilə görüşlərinin qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində olduqca əhəmiyyətli olduğunu qeyd etdi.

Görüşdə dinlərarası əməkdaşlıq, dinlərarası və mədəniyyətlərarası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Şeyxülislam A.Paşazadə Azərbaycan və Qazaxıstanda bu sahədə dövlət səviyyəsində irəli sürülən qlobal təşəbbüslərin böyük əhəmiyyətindən danışıb. QMİ sədri müasir dövrdə türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahədə getdikcə daha da dərinləşən qarşılıqlı münasibətlər fonunda müstəqil türkdilli dövlətlərin dini liderlərinin koordinasiyalı əməkdaşlığının da zamanın tələbi olduğu fikrini xüsusi vurğuladı. Bildirilib ki, qardaş türkdilli dövlətlərin ortaq dini-mənəvi dəyərlər müstəvisində birgə səy göstərməsi dövlət rəhbərlərimizin ümumi maraq və mənafelərimizə xidmət edən səy və əməllərinin təşviqinə böyük töhfə verə bilər.

Qazaxıstanlı səfir S.Abdıkarimov, öz növbəsində müasir dünyada dini liderlərin rolunu xüsusi vurğulayaraq bildirib ki, şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı vardır. Səfir belə bir mötəbər, dünya miqyaslı fəaliyyətə malik dini liderin Dünya və ənənəvi din liderlərinin Qurultayının XIX sessiyası kimi mötəbər beynəlxalq tədbirdə iştirakını, qiymətli ideyalarla çıxış etməsini yüksək dəyərləndirib. Səfir Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam A.Paşazadəni Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin ilk ildönümü münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.