logo

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

18:59 20-10-2021 | icon 2562
Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

Oktyabrın 20-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı tikinti, qida, İKT və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Forumun açılışında Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyində İqtisadi Məsələlər və İnkişaf Əməkdaşlığı üzrə baş direktor İvana Zivkoviç Azərbaycana səfərindən məmnunluğunu bildirib.O, keçirilən tədbirdə iş adamlarının fəal iştirakının əlaqələrimizin inkişafına marağın göstəricisi olduğunu, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımın artırılması istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində Xorvatiyanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.