logo

Milli Məclis və Ombudsman Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

15:55 18-10-2021 | icon 1848
Milli Məclis və Ombudsman Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycan insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan nümayəndə heyətləri əvvəlcə Ankarada Heydər Əliyev Parkını ziyarət ediblər.

Ümummilli liderin parkda yerləşən abidəsinin önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyevin də daxil olduqları parlament nümayəndə heyəti Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcək.

Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Sonda mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində ombudsman Səbinə Əliyevanın türkiyəli həmkarı ilə görüşü, həmçinin 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi bəşəri cinayətlər, çoxsaylı terror aktları, o cümlədən yaşayış məntəqələrinin bombalanması, qadağan olunmuş silah və raketlərdən istifadə ilə törədilən dağıntı və fəlakətlər barədə hesabatın təqdim edilməsi nəzərdə tutulur.

Nümayəndə heyətləri oktyabrın 18-də Müstəqilliyin Bərpası Günü, həmçinin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak edəcəklər.