logo

TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib

11:48 28-09-2021 | icon 4648
TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib

Sentyabrın 28-də Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Şurasının iclasında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə açılış nitqi söyləyən TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova xatırladıb ki, qurumun 2019-cu ildə Bakıda keçirilən 9-cu plenar iclasında təşkilata sədrlik Türkiyə parlamentindən Azərbaycan parlamentinə keçmişdi.

Ötən dövrdə TÜRKPA-nın işinin səmərəli qurulması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün isə Qazaxıstan tərəfi TÜRKPA-ya sədrlik missiyasını öz üzərinə götürür.

Sədrliyi Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verən Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova həmkarına uğurlar arzulayıb.

Sonra S.Qafarova TÜRKPA-nın Şura iclasında Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə (dekabr 2019-sentyabr 2021) görülmüş işlərə dair məlumat verib.

Çıxışında ötən ilin payızında Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsindən söz açan Sahibə Qafarova bildirib ki, nəticədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub, regionda tamamilə yeni geosiyasi mənzərə yaranıb.