logo

Moskvada MDB İqtisadi Şurasının 91-ci iclası keçirilib

18:48 24-09-2021 | icon 2807
Moskvada MDB İqtisadi Şurasının 91-ci iclası keçirilib

Sentyabrın 24-də Moskvada Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 91-ci iclası təşkil olunub.

YeniAvropa xəbər verir ki, Belarus Respublikasının sədrliyi ilə keçirilən tədbirdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Nümayəndə heyətləri əvvəlcə məhdud tərkibdə görüşüblər. Tədbiri açan MDB İcraiyyə komitəsinin icraçı direktoru Sergey Lebedev qeyd edib ki, iclasda MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətinə dair 22 məsələ müzakirə olunacaq.

İclas iştirakçıları Dəmir yolu nəqliyyatının strateji inkişaf Konsepsiyası, İnnovasiyalar sahəsində dövlətlərarası əməkdaşlıq proqramının icrası üzrə Kompleks Plan, həmçinin Yerin təkinin kəşfiyyatı, istifadəsi və qorunması üzrə Hökumətlərarası Şuranın fəaliyyəti, Neft-qaz maşınqayırması sahəsində Əməkdaşlıq Konsepsiyasının icrası üzrə Təxirəsalınmaz Tədbirlər Planının yerinə yetirilməsi, MDB orqanlarının vahid büdcəsinin icrası və sair layihələrə dair məsələləri müzakirə ediblər.

“Rosatom” Dövlət Korporasiyası baş direktorunun müavini Nikolay Spasski və Qazaxıstan Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya Komitəsinin sədri Talqat Satiyev atom enerjisindən dinc məqsədlərlə istifadə, yerin təkindən istifadə və onun mühafizəsi mövzularında çıxışlar ediblər.

İclasın sonunda MDB İcraiyyə Komitəsi ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İclas çərçivəsində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Baş nazirinin müavini İqor Petrişenko arasında ikitərəfli görüş keçirilib.

Tərəflər Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə qarşılıq əlaqələr, MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasının dekabrın 10-da Moskvada keçirilməsi barədə qərar qəbul edilib.