logo

Qarabağ Dirçəliş Fondunun rəhbərliyi QHT nümayəndələri ilə görüşüb

16:26 24-09-2021 | icon 1897
Qarabağ Dirçəliş Fondunun rəhbərliyi QHT nümayəndələri ilə görüşüb

Qarabağ Dirçəliş Fondunun (QDF) rəhbərliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin nümayəndələri ilə görüşüb.

Fondun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi və bərpa-quruculuq işlərinə dair fikir mübadiləsi aparılıb.

Tədbirdə Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Prezident Administrasiyasının QHT-lərlə İş və Kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova və QHT-lərin digər nümayəndələri iştirak ediblər.

QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıda duran mühüm missiyalardan danışıb. R.Hacıyev tədbir iştirakçılarına Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdığını deyən sədr, işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə edilən ianələrin həmrəyliyin birmənalı təzahürü olduğunu vurğulayıb. Rəhman Hacıyev Qarabağda bərpa işlərinin daha sürətli aparılması üçün hər kəsi bu prosesdə aktiv iştirak etməyə dəvət edib.

Görüşdə daha sonra Prezident Administrasiyasının QHT-lərlə İş və Kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, Fondun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova çıxış ediblər.

Çıxışlar zamanı Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilmiş şəkildə geniş ictimaiyyətə çatdırılmasının, Qarabağın bərpası prosesinə daha çox insanın cəlb edilməsinin, Qarabağın dirçəlişi uğrunda həmrəyliyin və ianəçiliyin təbliğinin əhəmiyyətindən danışılıb.

Tədbir iştirakçıları müzakirələr zamanı işğaldan azad edilən ərazilərimizdə tezliklə yenidən məskunlaşma, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası, ümumi iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilən ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpası kimi məsələlərə xüsusi diqqət ayırıb.

Çıxışlardan sonra Fondun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Rəhman Hacıyev iştirakçıların səsləndirdiyi çoxsaylı sual və təklifləri cavablandırıb.