logo

İlham Əliyev: Rusiya prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır

15:31 24-09-2021 | icon 1708
İlham Əliyev: Rusiya prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır

Rusiya Prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür.

YeniAvropa xəbər verir ki, bu sözləri prezident İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində Rusiya auditoriyasına müraciətlə söyləyib.

“Fürsətdən istifadə edib, rusiyalı oxuculara müraciət etmək istərdim ki, onlar Azərbaycan haqqında daha çox bilsinlər, bu ölkənin reallıqlarını, bizim dövlətlərarası münasibətlərin mahiyyətini və xarakterini daha düzgün başa düşsünlər. Bu münasibətlər dostluğa, mehriban qonşuluğa, qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır və mən həm müharibə dövründə, həm də müharibədən sonra Rusiyadan çoxlu sayda məktub və teleqram alırdım və indiyə qədər alıram. Bunlar dəstək məktubları, təbriklərdir, müəyyən səbəblər üzündən Rusiyaya köçüb getmiş bəzi keçmiş bakılılar da yazır, burada heç vaxt olmayanlar da. Onlar müharibə dövründə bizim ölkəmizə daha müsbət münasibət bəsləməyə başlayıblar”, - deyə dövlət başçısı bildirib.

İkitərəfli münasibətlərin bundan sonrakı inkişafından danışan Azərbaycan prezidenti deyib: “Hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu. Ona görə ki, bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil yetişib, onlar bir-birini bizim bir-birimizi tanıdığımız dərəcədə tanımırlar. Buna görə Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir. Çünki bu, həm bizim üçün, həm də Rusiya üçün böyük dəyərdir, ona görə ki, biz qonşu dövlətlərik”.