logo

Rusiyalı Olimpiya çempionu 4 il yarışlardan diskvalifikasiya edilib

12:57 23-09-2021 | icon 3206
Rusiyalı Olimpiya çempionu 4 il yarışlardan diskvalifikasiya edilib

Rusiyalı güləşçi Bilal Maxov antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə yarışlardan diskvalifikasiya edilib.

YeniAvropa Rusiya Antidopinq Agentliyinin (RUSADA) mətbuat xidmətinə istinadla xəbər verir ki, 34 yaşlı idmançı 2021-ci il yanvarın 27-dən etibarən güləşdən uzaqlaşdırılıb.

Qeyd edək ki, London Olimpiadasında B.Maxov sərbəst güləş üzrə 120 kiloqram çəki dərəcəsində yarımfinalda gürcüstanlı Davit Modzmanaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə rəqibinə qalib gələn B.Maxov bürünc medal qazanıb. Digər yarımfinalda isə özbəkistanlı Artur Taymazov iranlı Komeil Qasemini məğlub edərək finala vəsiqə qazanıb. Hər iki finalçının təkrar dopinq testlərində qadağan olunmuş maddələr aşkar edildiyinə görə, 2019-cu ildə medallarından məhrum ediliblər. Nəticədə, Olimpiadada güləş turnirləri tarixində ilk dəfə 120 kiloqram çəki dərəcəsində Komeil Qasemi və Bilal Maxov Olimpiya çempionları elan edilmişdilər.

B.Maxov sərbəst güləş üzrə üçqat dünya çempionudur. İki dəfə yunan-Roma güləşi üzrə dünya çempionatlarında bürünc medal qazanıb.