logo

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılıb

20:11 21-09-2021 | icon 5957
Bakıda yeni metro stansiyasının tikintisinə başlanılıb

Bakı metropoliteninin “Bənövşəyi xətt”i üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyasının inşasına başlanılıb.

“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, “Bənövşəyi xətt”in “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir.

Bu üsulun tələblərinə uyğun olaraq, tikinti işlərinə qədər “Divarda qrunt”un monolit dəmir-beton panelləri quraşdırılıb. Ötən dövrdə 1010 və 1021 metr uzunluğunda olan iki tunelin inşası da başa çatdırılıb.

Stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir və üç inşaat zonasından ibarətdir. İnşaatın birinci mərhələsi kimi ərazidə torpaq örtüyü hamarlanıb. Birinci zonada tikinti-quraşdırma işlərinə başlanılıb və örtüyün armatur-karkas elementləri yığılır. Bir hissəsi artıq betonlanıb.

Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma “Bənövşəyi xətt”in digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Uzunluğu 144 metr olan platformanın alt hissəsi texniki qurğular üçün nəzərdə tutulub.

Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Yeni stansiyada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırılacaq və pilləkənlər inşa olunacaq. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq.

Hazırda “Bənövşəyi xətt”in Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.