logo

"Qızılağac"da qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar

12:12 17-09-2021 | icon 1463
"Qızılağac"da qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, reyd zamanı Masallı rayonunun Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.

Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb.

İ.Qurbanovun və A.Həsənovun ümumilikdə təbiətə 2211 manat dəyərində maddi ziyan vurduqları müəyyən edilib.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları ekoloji cinayət törədənlərlə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də davam etdirir. Təkcə bu ilin ötən dövrü ərzində şöbə əməkdaşları tərəfindən 7 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.