logo

Rəsmi Bakı Ermənistanı yenidən beynəlxalq məhkəməyə verir

09:57 17-09-2021 | icon 2877
Rəsmi Bakı Ermənistanı yenidən beynəlxalq məhkəməyə verir

Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək.

YeniAvropa xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən deyib.

“Ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra, azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar tərəfimizdən diqqətlə toplanmış və sənədləşdirilmişdir. Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir. Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir. Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-in müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə Leyla Abdullayeva vurğulayıb.