logo

İlham Əliyev “Kəlbəcər” tankerinin istismara verilməsi mərasimində iştirak edib

14:04 10-09-2021 | icon 7805
İlham Əliyev “Kəlbəcər” tankerinin istismara verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

YeniAvropa xəbər verir ki, bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

Yeni tanker Bakı gəmiqayırma zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir. Bu tip 4 tanker sifariş verilib ki, hazırda yerli mütəxəssislər tərəfindən ikisinin tikintisi davam etdirilir. Ümumilikdə, zavoda 10 yeni gəminin tikintisi ilə bağlı sifariş verilib ki, onların da artıq altısının, o cümlədən 1 yedək, 3 sərnişin, 1 Ro-Pax tipli gəmi-bərənin və 1 tankerin tikintisi başa çatdırılaraq istismara verilib. Hazırda daha 2 neft tankeri ilə yanaşı, Ro-Pax tipli bir gəmi-bərənin inşası davam etdirilir. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.