logo

İranda koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşıb

15:30 04-08-2021 | icon 2667
İranda koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşıb

 İranda koronavirusun 5-ci dalğası davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saat ərzində İranda 39 min 357 nəfər virusa yoluxub, 409 nəfər isə həyatını itirib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 19 min 84 nəfər, yoluxaraq ölənlərin sayı isə 91 min 84-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 5959 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 3 milyon 444 min 798 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, avqustun 5-də İranda yeni seçilən prezident İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək. Bununla əlaqədar İran sərhədlərindən ölkəyə daxil olanlar ciddi tibbi yoxlamadan keçirilir.

İranın Səhiyyə Nazirliyinin tövsiyəsinə əsasən Ali Rəhbər Ali Xamneyi xüsusi sərəncam imzalayaraq ölkədə 2 həftəlik karantin rejimi elan edib.

Karantin rejimi müddətində bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Məqsəd koronavirusun yayılmasının qarşısını almaqla yanaşı xəstəxanaların yükünü də azaltmaqdan ibarətdir.