logo

Sumqayıtda 5 toy yarımçıq dayandırılıb, 1 şadlıq evinin sahibinə cinayət işi açılıb

15:29 03-08-2021 | icon 1666
Sumqayıtda 5 toy yarımçıq dayandırılıb, 1 şadlıq evinin sahibinə cinayət işi açılıb

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

YeniAvropa xəbər verir ki, keçirilən tədbirlər nəticəsində şəhərin 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən "Dostluq” restoranında toy məclisində karantin rejimi qaydalarına düzgün əməl olunmadığı və iştirakçıların portaldan keçmədiyi məlum olub. Həmin restoranın sahibi Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Ədail Əskərov və qonaqlar inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyin tələblərinə uyğun cərimələniblər.

Şəhərin 10-cu mikrorayonunda yerləşən "Eloğlu” şadlıq sarayının sahibi 1969-cu il təvəllüdlü Sultan Əliyev dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

"Stansiya Sumqayıt” yaşayış massivində fərdi yaşayış evlərdən birinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirildiyi müəyyən edilib. Belə ki, massiv sakini 1984-cü il təvəllüdlü İlkin Qəhrəmanov yaşadığı evin həyətində təşkil etdiyi toy məclisinin portal icazəsindən keçməməsi aşkar olunaraq məclis dayandırılıb və qonaqlar şənlikdən uzaqlaşdırılıblar. Toy sahibi İlkin Qəhrəmanov və məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnərək məsuliyyətə cəlb olunublar.

Digər bir qanun pozuntusu isə şəhərin 49-cu məhəlləsində qeydə alınıb. Polis əməkdaşlarının keçirdiyi yoxlama tədbirləri zamanı məhəllə ərazisində 1969-cu il təvəllüdlü Azad Mirzəməmmədovun Operativ Qərargahın müəyyən etdiyi qərarların tələblərini pozaraq toy məclisi təşkil etdiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və qonaqlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanuna müvafiq tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən toy sahibi A.Mirzəməmmədov və qonaqlar cərimələnib.

Daha bir toy şənliyi isə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qanunvericiliyini tələblərinin pozulmasına görə yarımçıq dayandırılıb. Qəsəbə sakini 1994-cü il təvəllüdlü Rəsul Məmmədov yaşayış evinin həyətində müəyyən edilmiş qaydalara zidd toy məclisi təşkil etdiyi üçün inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib. Toy sahibi ilə yanaşı, məclis iştirakçıları barəsində də inzibati tənbeh tədbirləri görülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə restoranlar və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.