logo

Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır

14:34 31-07-2021 | icon 15169
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və “Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında XII Qəbələ Musiqi Festivalına start veriləcək. Gözəl bir ənənəyə çevrilən festival avqustun 4-dək davam edəcək. Bu il də festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunur.

YeniAvropa xəbər verir ki, festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.

Proqrama uyğun olaraq, bu gün axşam saat 17:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunacaq. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edəcəklər.

Axşam saat 21:00-da isə açıq səhnədə (Qafqaz Resort) XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Rəsmi hissədən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək.

Festival günlərində musiqisevərlər, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin, muğam ifaçılarının, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı əldə edəcəklər.