logo

Azərbaycan karateçiləri Tokioya yollandı

23:06 28-07-2021 | icon 2079
Azərbaycan karateçiləri Tokioya yollandı

Azərbaycan karateçiləri "Tokio-2020" Yay Olimpiya Oyunlarına yollanıblar.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, Bakıdan yola düşən Firdovsi Fərzəliyevlə (67 kq) Rafael Ağayevə (75 kq) İrina Zaretska (+61 kq) da qoşulacaq.

Olimpiadanın kumite yarışlarında kişi karateçiləri baş məşşqçi Qurban Tağıyev, qadın idmançını isə Denis Morozov müşayiət edəcək.

Karate yarışları Nippon Budokan mərkəzində təşkil olunacaq. Avqustun 5-də Fərzəliyev, ertəsi gün Ağayev, avqustun 7-də isə Zaretskanın nəticəsi məlum olacaq.

Beynəlxalq dərəcəli hakim Cahangir Babayev karate yarışlarını idarə edən 15 hakim arasında olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov da Tokioda idmançılarla birgə olacaq.

Qeyd edək ki, olimpiadanın proqramına ilk dəfə salınan karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadın) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki dərəcəsi və kata nümayişində 2 qrupa bölünən 10 idmançı çıxış edəcək. Qruplardan iki ən yüksək nəticə göstərən karateçilər yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda görüşlərdə mübarizə aparacaqlar.

Tokio olimpiadasında 34 ölkədən 82 karateçi mübarizə aparacaq.