logo

UNICEF-in Bakıdakı nümayəndəsinin diplomatik fəaliyyəti başa çatır

19:49 28-07-2021 | icon 1610
UNICEF-in Bakıdakı nümayəndəsinin diplomatik fəaliyyəti başa çatır

İyulun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov Edvard Karvardinin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, Azərbaycanın UNICEF-lə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Edvard Karvardin Azərbaycan ilə UNICEF arasında bir çox sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivlərinə toxunub, ölkəmizdə həyata keçirilən layihələrdən danışıb, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın həyata keçirilməsindən bəhs edib.

C.Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışıb. O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, sərhəddə gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Nazir Ermənistanın mina xəritələrin təqdim etməsinin ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, bərpa və yenidənqurma işlərinin tez bir zamanda həyata keçirilməsinə də müsbət təsir göstərəcəyini bildirib. Bunun öz növbəsində məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə və infrastruktur layihələrinin reallaşmasına təkan verəcəyini deyib.

Edvard Karvardin azad edilmiş ərazilərə səfəri zamanı oradakı dağıntıların miqyasının şahidi olduğunu bildirib. Münaqişə nəticəsində ailələrə və uşaqlara dəyən ziyandan məyusluğunu ifadə edib. O, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin şahidi olduğunu, bu xüsusda, ailələrin öz doğma yurdlarına tezliklə geri dönəcəyinə ümid etdiyini vurğulayıb.

Nümayəndəliyin rəhbəri Azərbaycanı ən xoş arzularla tərk etdiyini deyib və ölkəmizlə bağlı xoş təəssüratlarının daim xatirində qalacağını söyləyib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.