logo

Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na qəbul elan etdi

16:38 28-07-2021 | icon 1764
Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na qəbul elan etdi

Müdafiə Nazirliyinin hərbi hissələrində zabit vəzifələrdə həqiqi hərbi xidmət keçmək istəyən müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşlar avqustun 9-dan 30-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, kursa qəbul olunmaq üçün müraciət edən vətəndaşlar AO TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlərin AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət zamanı təqdim etməli olduqları sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi). Telefon: (012) 538-85-62.

Namizədlər avqustun 9-dan 30-dək hər gün (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək müraciət edə bilərlər.

Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.