logo

Avqustun 2-dən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydaya keçir

12:55 26-07-2021 | icon 5089
Avqustun 2-dən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydaya keçir

Avqustun 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev məlumat verib. 

Onun sözlərinə görə, pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər başa çatıb. Artıq valideynlər evdən çıxmadan, elektron qaydada bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, övladlarını paytaxtın uşaq bağçalarına qeydiyyata sala biləcəklər.

Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanların təhlili, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək. Nizami rayonunda pilot layihənin gerçəkləşdirilməsindən sonra paytaxtın digər rayonlarında da sistemin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Elektron qəbul sistemi ilə yanaşı təlim – tərbiyə prosesində yeni, innovativ yanaşmanın tətbiq olunması üzərində işlər gedir. Bu barədə yaxın zamanda daha ətraflı açıqlama veriləcək.

Bundan əlavə, Aparat rəhbəri BŞİH-in digər xidmət sahələrində də elektronlaşmanın və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını bildirib.