logo

General Vaqif Axundovun bacısı oğlu həbs olunub

22:15 23-07-2021 | icon 1778
General Vaqif Axundovun bacısı oğlu həbs olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayev  rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Vüsal Babayev 2 iyul 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimovun əmri ilə Xidmətin Səbail rayon idarəsinə rəis təyin olunub.

Vüsal Babayev 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Mühafizəsi İdarəsinin rəisi, 1993-2002-ci illərdə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin rəisi,2003-2020-ci illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi vəzifələrində çalışmış general-polkovnik Vaqif Axundovun bacısı oğludur.