logo

Nazirlik Haftoni meşələrini qıran “Beta” şirkəti ilə müqaviləyə xitam verir

16:55 15-07-2021 | icon 4781
Nazirlik Haftoni meşələrini qıran “Beta” şirkəti ilə müqaviləyə xitam verir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran rayonunun Haftoni kəndindəki meşə ərazilərinin çay plantasiyasının salınması üçün uzunmüddətli icarəyə verilməsinə dair “Beta Tea” şirkəti ilə bağladığı qalmaqallı müqaviləyə xitam verməyə hazırlaşır.

YeniAvropa xəbər verir ki, bu haqda nazirliyin  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

“Ərazidə ağacların qırılması faktı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Dərhal həmin gün iş dayandırıldı, ziyan hesablandı, akt protokol tərtib edildi. Proses iyulun 22-də başa çatacaq. Həmin vaxt yekun qərar qəbul ediləcək. Müqavilənin icrasına xitam verilməsinə başlanılıb”,-deyə H.Əlizadə bildirib.

Xatırladaq ki, Haftoni meşələrinin qırılması, o cümlədən qiymətli dəmirağaclarının məhv edilməsi faktı ilə bağlı mətbuat dəfələrlə yazıb, ekofəallar bu məsələ ilə bağlı etirazlar təşkil ediblər. Meşənin qırılmasına dair fotoşəkillər sosial şəbəkələrdə yayılsa da ETSN əvvəlcə faktı inkar edirdi. Daha sonra icarəyə verilmiş ərazidə ağacların yox, “kol-kosların qırıldığını” bildirdi. Lakin yeni faktlar ortaya çıxandan sonra “bir neçə ağacın kəsildiyini” təsdiqlədi və “Beta” şirkətini cərimələdiyini açıqladı. İndi isə ümumiyyətlə, müqaviləyə xitam verilməsi qərara alınıb.

“Ecocenter” ətraf mühit təşkilatının rəhbəri Cavid Qaranın "virtualaz.org"a təqdim etdiyi sənədlərdən məlum olurdu ki, nazirlik qiymətli ağac növlərinin də bitdiyi onlarla hektar meşə ərazisini özəl şirkətə qəpik-quruşa, hər hektarını cəmi 26 manata icarəyə verib.

Qeyd edək ki, bu müqavilə ötən ilin oktyabrında, Qarabağın azad olunması uğrunda şiddətli müharibənin getdiyi günlərdə imzalanıb.