logo

Avropa İttifaqının nümayəndə heyəti Azərbaycana səfərə gəlir

18:18 23-06-2021 | icon 1750
Avropa İttifaqının nümayəndə heyəti Azərbaycana səfərə gəlir

Avropa Komissiyasının Ali nümayəndəsi və vitse-prezidenti Jozep Borrel Fontellesdən səlahiyyət almış Avstriyanın Avropa və Beynəlxalq Əlaqələr üzrə naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku  iyunun 25-də Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, Ali nümayəndə adından həyata keçirilən ikigünlük səfər Avropa İttifaqının bu ölkələrlə ikitərəfli münasibətlərinə, Cənubi Qafqaz bölgəsinə və Aİ-nin Şərq Tərəfdaşlığı mexanizminə verdiyi əhəmiyyətin göstəricisidir.

Səfər, həmçinin, Şərq Tərəfdaşlığı çərçivəsində mövcud olan imkanlar vasitəsilə Aİ-nin həm Cənubi Qafqaz ölkələri ilə, həm də onlar arasında daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğunu göstərir.

Nazirlər Bakıda Azərbaycanın prezidenti İlham Əliyevlə, Yerevanda Ermənistanın prezidenti Armen Sarkissyan və baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Tbilisidə isə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşəcəklər.  

Səfərin sonunda, şənbə günü, iyunun 26-da  nazirlər Tblisidəki Aİ Nümayəndəliyində mətbuat konfransı keçirəcəklər.

Qeyd edilib ki, səfərdə nazirləri Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi  Toyvo Klaar müşayiət edəcək. Nazirlər iyul ayında keçiriləcək Xarici İşlər Şurasında Aİ-nın Xarici İşlər Nazirlərinə səfər barədə məlumat verəcəklər.

Səfər, həmçinin, 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammitinə hazırlıq çərçivəsində Aİ-nin üç ölkəni dəstəklədiyi mesajını çatdıracaq.