logo

Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişikliklər qəbul edilib

12:30 22-06-2021 | icon 1638
Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişikliklər qəbul edilib

Milli Məclis “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

YeniAvropa xəbər verir ki,  qanun layihəsi parlamentin iyunun 22-də keçirilən iclasda müzakirə olunaraq qəbul edilib.

Layihədə əsas yenilik indiyədək mövcud olan klassik əlillik dərəcələrindən imtina edilərək onun insanların sağlamlıq imkanlarının, orqanizmin funksiyalarının itirilməsi faizi ilə ifadəsinə keçidlə bağlıdır. Əlillik təyinatının daha obyektiv aparılmasına təminat verəcək dəyişikliklərdə əsas məsələ şəxsin əlilliyinin dəqiq müəyyən olunması və sağlamlığının qalan imkanlarının düzgün qiymətləndirilərək onun reabilitasiya potensialının müəyyənləşdirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan və əlilliklə bağlı qanun layihələri həm də “Əlilliyin müəyyən olunması meyarları” sahəsində ÜST-ün müəyyənləşdirdiyi standartların implementasiyasını nəzərdə tutur.

Dəyişikliklərdə əsasən, “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilməsi təklif olunub. Beləliklə, I dərəcə əlillik orqanizmin funksiyalarının 81-100 faiz, II dərəcə əlillik orqanizmin funksiyalarının 61-100 faiz, III dərəcə əlillik isə orqanizmin funksiyalarının 31-80 faiz itirilməsinə görə müəyyən edilir.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.