logo

Sabah Bakıda 29° isti olacaq

13:12 14-06-2021 | icon 1911
Sabah Bakıda 29° isti olacaq

Azərbaycanda iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 26-31° isti, Bakıda gecə 21-23°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacaq.

İyunun 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.